NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Ağ Evin qara niyyəti – ABŞ-ın Suriyanı “tərk etməsinin” pərdəarxası

Oxundu: 351
Ağ Evin qara niyyəti – ABŞ-ın Suriyanı “tərk etməsinin” pərdəarxası

Elmar Səmədov: “Məqsəd Suriyanın sərhədlərini qorumaq yox, terrorçu təşkilatı gücləndirərək, Türkiyəni iqtisadi, hərbi baxımdan zəiflətmək, regional və qlobal güc olmasına əngəl törətməkdir”

 

Xəbər verildiyi kimi, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SDG adı ilə fəaliyyət göstərən YPG/PKK terror təşkilatına 300 milyon dollar yardım edib.

 

Bu pullar Suriyanın sərhədlərinin mühafizəsi və İŞİD-lə mübarizə adı altında terror təşkilatına göndərilib.

 

Qeyd edək ki, ABŞ Konqresi bir neçə gün əvvəl 2020-ci il üzrə büdcənin detallarını açıqlayıb. Donald Tramp Konqresdən Pentaqon üçün 718,3 milyard dollar vəsait tələb etmişdi.

 

718,3 milyard dolların 544,5 milyard dolları daxili idarəçiliyə, 173,8 milyard dolları isə müharibə fonduna yönləndiriləcək.

 

Amerikanın Türkiyə ilə müttəfiq olduğuna, eyni hərbi alyansda - NATO-da təmsil olunduğuna baxmayaraq, hələ Suriya və İraq böhranından çox-çox əvvəl PKK-ya silah və maliyyə yardımı göstərməsi artıq rəsmi hal alıb.

 

ABŞ-ın PKK və bənzər qruplara simpatiyasının, terror təşkilatlarına milyon dollarlıq silah verməsinin səbəbləri barədə Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Elmar Səmədovun münasibətini öyrəndik.

 

İslamınsəsi”nə fikirlərini açıqlayan müsahibimiz hesab etdiyini bildirdi ki, Amerika terrorçu qruplardan yararlanır və xüsusən də Türkiyəni PKK istilası ilə asılı vəziyyətə salmaq istəyir: “PKK-nın qurulması və fəaliyyətində keçmiş SSRİ-nin müstəsna rolu olub. Sovetlər birliyi dağılandan sonra ABŞ həmin təşkilatı öz nəzarətinə götürüb. Və bu günə qədər PKK ilə əlaqələrindən istifadə edir. Qeyri-qanuni şəkildə Suriyaya qoşun yeridən Amerika uğur qazana bilmədi. Bəllidir ki, ABŞ-ın əsas planı Suriyada Əsəd hökumətini devirmək, orada özünə yaxın qüvvələri hakimiyyətə gətirmək, hərbi bazalarını yerləşdirmək və gələcəkdə Livan, İraq, Türkiyə və İrana təzyiq göstərmək idi. Lakin bu plan dalana dirəndiyi üçün Donald Tramp, ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qərar verdi. Amma qaranlıq niyyət gün kimi aydındır. Yəni Amerika Suriyanı tərk etməli olsa da, bu ölkədə PKK-nın əli ilə öz siyasətini həyata keçirə bilər”.

 

AİP funksioneri yaxın keçmişə nəzər salaraq, ilk vaxtlar Türkiyənin ABŞ-ın regionla bağlı siyasətini dəstəklədiyini xatırlatdı: “O zaman rəsmi Ankara ölkə ərazisindən Suriyaya terrorçu və silah tranzitinə də göz yumurdu. Rusiyanın qırıcı təyyarəsi vurulandan sonra Moskvanın təzyiqləri altında bu siyasət dəyişdi. Türkiyə Birləşmiş Ştatlardan lazımi dəstəyi ala bilmədi, üstəlik ABŞ-ın vasitəsilə orada dövlət çevrilişinə cəhd edildi. Baş verənləri götür-qoy edən Türkiyə, Suriya məsələsində Rusiya-İran bloku ilə yaxınlaşdı. Hazırda bölgədə əsas oyunçular Rusiya, İran və Türkiyədir. “Üçlük” hadisələrə böyük təsir göstərə bilir. ABŞ isə bununla razılaşmır. O üzdən Pentaqonun PKK-ya silah-sursatı İŞİD-lə mübarizə aparmaq üçün verdiyi iddiası yalandır. Qeyd edildiyi kimi, ABŞ-ın bu siyasətinin səbəbləri, əslində, Suriyanın sərhədlərini qorumaq yox, PKK-nı gücləndirərək, Türkiyəni iqtisadi, hərbi baxımdan zəiflətmək, regional və qlobal güc olmasına əngəl törətmək və bununla da Suriyanı təkbaşına özünün nəzarətinə keçirməkdir”.

 

“Öz müttəfiqindən zaman-zaman zərbələr görən Türkiyə bu halda hansı addımlar atmalıdır”sualına cavabında E.Səmədov dedi ki, ABŞ-ın müttəfiqliyi əməldə deyil, sözdədir: “Türkiyə indiki məqamda Rusiya ilə münasibətlərini gücləndirməlidir. Bir müddət əvvəl Ərdoğan bildirmişdi ki, S-400 zenit-raket sistemlərindən sonra, Türkiyə Rusiyadan S-500-lərin alınmasını da nəzərdən keçirə bilər. Bu, ciddi qərardır və deməyə əsas verir ki, Türkiyənin gələcək proqramında Rusiya önəmli yer tutur. Ümumiyyətlə,Türkiyə istədi-istəmədi, Rusiya, o cümlədən müsəlman ölkələri ilə hazırkı əlaqələri davam etdirməli, hərbi, strateji, iqtisadi, siyasi sahədə əlaqələrini genişləndirməlidir. Təklikdə Türkiyənin bölgədəki mövqeyi, nüfuzu zəifləyəcək”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system