ABŞ sürətlə təklənir - Tramp xarici siyasətinin sərtliyini azaltmağa məcburdur

Oxundu: 408
ABŞ sürətlə təklənir - Tramp xarici siyasətinin sərtliyini azaltmağa məcburdur

Daha Avropadakı müttəfiqlər də Birləşmiş Ştatlara görə “pis kişi” olmaq istəmirlər

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, Rusiya və İrana qarşı sərtt xətt tərəfdarı kimi tanınan Con Boltonun istefaya göndərilməsi dünyanın siyasi gündəmini zəbt edib. Bir sıra siyasi şərhçilər Ağ Evin “qırğısı” sayılan bu adamla bağlı Trampın atdığı addımı ABŞ-ın xarici siyasətində korrektələr etmək istəyi ilə əlaqələndirirlər. Əlbəttə, bu da başa düşüləndir. Bolton doğrudan da sərt xətt tərəfdarı idi. Amma bu hadisəni heç də birmənalı şəkildə Trampın savaşa meylli olmaması kimi dəyərləndirmək də düzgün olmazdı.

 

Sosial şəbəkələrdə eşələnmək həvəskarı olan Trampın son bir neçə ayda Yaxın Şərq siyasəti, bütövlükdə xarici siyasətin istiqamətləri ilə bağlı dəyişiklik görüntüsü yaratmağa çalışması diqqəti cəlb edir. Əfqanıstandan qoşunların çıxarılacağı haqda verdiyi bəyanatlar, İranla münasibətlərdə “yumşalmalar” özünü qabarıq şəkildə büruzə verir. Ümumiyyətlə belə görünür ki, Tramp Türkiyə və İran siyasətində dəyişiklik etməyə hazırlaşır.

 

Bəs yaxşı, ABŞ prezidenti doğrudanmı səhvini başa düşərək dövlətin xarici siyasətini, xüsusən də Yaxın Şərqlə bağlı siyasətinin istiqamətlərini yumşaltmağa doğru dəyişmək arzusundadır?

 

Əlbəttə, bunu dəyərləndirmək üçün ilk növbədə dünyada gedən proseslərə, istər adı çəkilən regionda, istərsə də bütövlükdə baş verən hadisələrə yaxından nəzər salmaq lazımdır. Məsələ bundadır ki, ABŞ höküməti artıq Yaxın Şərq siyasətinin və dünya hegemonluğu iddialarının iflasa uğradığının fərqindədir. İndi heç bir ölkə əvvəlki illərdən fərqli olaraq Vaşinqtonun ən dağıdıcı silahlarından belə qorxmur. Üstəlik Türkiyə, İran və Rusiyanın regionda söz sahibinə çevrilməsi də Birləşmiş Ştatların “xodunu” almaqdadır. Daha Avropadakı müttəfiqlər də - fərqi yoxdur, hansı səbəbdən olursa olsun - ABŞ-a görə “pis kişi” olmaq istəmir, İsrailin Yaxın Şərqdəki təcavüzünü dəstəkləməsini qətiyyətlə pisləyirlər.

 

Vaşinqtonun Cənubi Qafqaz siyasətinin də xeyli zəiflədiyi göz önündədir. Tramp Şimali Koreya ilə münasibətlərində də daha əvvəlki kimi “yuxarıdan” gedə bilmir. Ukrayna məsələsində də Rusiya ilə toqquşmaq gücündə olmadığını sübut etməyə ehtiyac yoxdur.

 

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, əslində Trampın xarici siyasətinin “dəyişməsi” ABŞ hökumətinin humanizminə, beynəlxalq qanunlara riayət etməsinə, təcavüzkarlıq siyasətindən əl çəkməsinə əsaslanmır. Yəni gerçək olan odur ki, Tramp da, bütövlükdə Ağ Ev də sərt, imperialist, təcavüzkar, hegemonçuluq siyasətlərinin artıq dünyada elə sərt şəkildə də qarşılandıqlarının, heç bir ölkənin bununla barışmadığının və nəticə etibarilə Birləşmiş Ştatların təkləndiyinin fərqindədir. Üstəlik, Amerika xalqı da öz övladlarının, öz vətəndaşlarının heç nədən Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və ABŞ-a aid olmayan digər yerlərdə ölməsini istəmir. Qarşıdan isə, əlbəttə ki, Trampın yenidən iştirak etmək istədiyi prezident seçkiləri gəlir. Və yuxarıda sadalanan gerçəkliklərin fonunda Donald bütün mənalarda yumşalmağa məcburdur.

/İslaminSesi/  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system