ABŞ-ın dominantlıq iddiası NATO-nu çökdürür

Oxundu: 333
ABŞ-ın dominantlıq iddiası NATO-nu çökdürür

“Bir zənglə istənilən ölkəyə girə bilərik” deyən Tramp, bu ifadəni işlətmək üçün ya “qaqaş” olmalıdır, ya da “alkaş”

NATO Rusiya üzərində üstünlüyünü itirib.

Bunu Sloveniyada NATO müdafiə nazirlərinin görüşü zamanı ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford deyib.

 

“Rusiya rəqibimizdir və NATO oyanan Rusiya üzərində hökmranlığını itirib. NATO-nun yeni strategiyası fərqli ölkələr tərəfindən təqdim edilən NATO planlarını müəyyən edir. Bu sənəd qərargah rəislərinə imkan verir ki, NATO qarşısında duran çağırışlarla bağlı kollektiv anlayış nümayiş etdirsinlər”, – deyə o bildirib.

 

Əlbəttə, ABŞ-ın Baş Qərargah rəisinin bu mövqeyini başa düşmək olar. Amma C.Danford bunu deməzdən əvvəl özünün, daha doğrusu, təmsil etdiyi dövlətin xarici siyasətinin istiqamətlərinə nəzər salmalı idi. Gerçəklik ondan ibarətdir ki, Vaşinqton həmişə təcavüzkar siyasət yeridir, dünyanı bir qütbdən idarə etməyə, dünya hegemonluğuna sahib olmağa çalışır. Bundan ötrü hər vasitəyə, hətta kütləvi qətllərə əl atır. Və bunu heç gizlətmir də. Xüsusən də müsəlman ölkələri ilə bağlı məqsədinə çatandan sonra müttəfiqləri olan Avropa dövlətləri üzərində dominant mövqeyə sahiblənmək istəyir.

 

Xatırladaq ki, Amerika hələ İraqa qarşı birinci müharibə zamanı, başqa sözlə, məlum “Körfəz müharibəsi” vaxtında böyük bir koalisiya yaratmışdı. Demək olar ki, Qərbi Avropanın bütün ölkələri bu koalisiyanın tərkibində idi. Amma zaman keçdikcə Qərb dövlətləri öz səhvlərini anladılar. Anladılar ki, ABŞ belə təcavüzkarlıq müharibələrində özünün hər cür mənafe və maraqları naminə NATO ölkələri kimi sadəcə onlardan istifadə edir. Açıq desək, Yaxın Şərqin yağmalanan sərvətini bölüşmək uğrunda gedən mübarizədə Birləşmiş Ştatlar onları “tupikə” atdı. Və Qərb də bundan öz hesabını götürüb sonrakı təcavüzkarlıq müharibəslərində mövqeyini dəyişməyə başladı. Bu özünü ikinci İraq müharibəsi, Əfqanıstana, Liviyaya, Suriyaya təcavüz zamanı koalisiya halqasının daralmasında da göstərdi. Bir sözlə, Qərb yalnız özünü düşünən Amerikanın həlledici dərəcədə dominantlıq etdiyi NATO-nun vassalına çevrildiyinin fərqinə vardı.

  

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də vaxtilə NATO dövlətlərini vassal adlandırmışdı. Və qeyd etmişdi ki, NATO ABŞ-ın xarici siyasətinin alətidir, orada müttəfiqlər deyil, vassallar mövcuddur. Və əlbəttə ki, Rusiya prezidentinin bu sözləri həqiqəti ifadə edir. Hətta Putin deməsə belə, bütün dünyaya məlumdur ki, bu gün ABŞ haranı zəbt etmək istəyirsə, hansı bölgəyə ordu yeritmək istəyirsə NATO onun yanındadır. Əfqanıstan, İraq, Suriya mövzularında NATO sırf ABŞ-ın siyasi istəyindən çıxış edir. Halbuki digər NATO üzvü olan Türkiyə eyni mövqeni sözügedən hərbi alyansdan görmədi. Uzun illərdir “PKK” problemini yaşayan Türkiyə dövləti nəinki NATO-dan dəstək almayıb, hətta bəzi hallarda xəyanətlə belə üzləşib.

 

Bu gün isə Tramp bir zənglə istənilən ölkəyə girə biləcəyini deyir. Belə ifadələr, əlbəttə, normal bir siyasətçiyə, dövlət başçısına yaraşan deyil. Bunu demək üçün ya “qaqaş” olmaq lazımdı, ya da “alkaş”. Yəqin ki, artıq Avropa dövlətləri də başa düşür ki, “qaqaş” və “alkaşların” dominantlıq etdiyi NATO-da aktiv fəaliyyət, hansı prizmadan baxsalar belə, onlar üçün sərfəli deyil. Bu baxımdan Cozef Danfordun müşahidələru düzdür, NATO Rusiya üzərində üstünlüyünü doğrudan da itirib.

/İslaminSesi/     

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system