NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın Cənibi Qafqaz planı - Paşinyan “Qarabağ klanı”ndan ehtiyatlanır

Oxundu: 1290
ABŞ-ın Cənibi Qafqaz planı - Paşinyan “Qarabağ klanı”ndan ehtiyatlanır

Azər Rəşidoğlu: “Hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur və məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik törədir”

 

ABŞ-ın bölgələrə yönəlik planlarında Cənubi Qafqaz ciddi hədəflərdən biri kimi görünür. Qənaətlərə görə, yeni strategiyada Rusiyanı Cənubi Qafqaz məkanından sıxışdırıb çıxarmaq ön sıralardan birində durur. Və Amerika bu yeni siyasi ssenarini siyasi, iqtisadi, enerji, hərbi sferalar, eyni zamanda bölgə ölkələrinə müdaxilə və Qarabağ münaqişəsinin həlli kontekstində planlayır. 

 

 

Yaxşı, bəs ABŞ-ın Cənubi Qafqazla bağlı layihələrinin həyata keçəcəyi halda regionu nələr gözləyir? Dağlıq Qarabağ probleminin həllində hansı dəyişiklik gözləmək olar?

 

Bu mövzuda “İslamınSəsi”nə münasibətini bildirən siyasi icmalçı Azər Rəşidoğlu əvvəlcə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun dövlət başçısı İlham Əliyevə məlum telefon zəngini xatırlatdı: “Bildiyiniz kimi, söhbət zamanı bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib. Qeyd edək ki, az öncə Nikol Paşinyan Davosda olarkən Con Bolton ona da telefon açmışdı. Rəsmi məlumatlarda bildirilirdi ki, söhbət zamanı ikitərəfli münasibətlərin perspektivi və Qarabağ mövzusu diqqətdə saxlanılıb. Amma maraqlıdır ki, Paşinyanın Boltonla telefon danışığı zamanı Qarabağ problemini müzakirə etmədikləri ilə bağlı açıqlaması hətta erməni mətbuatında da şübhə altına alınıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan həqiqəti demir. Əgər bu haqda danışıqlar aparılırsa, bu, hər iki tərəflə getməlidir. Ona görə də məsələni bir az açıq qoymaq lazımdır. Ola bilsin ki, Paşinyan Boltondan Qarabağ problemi ilə bağlı danışıqların gizli qalmasını xahiş edib. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Moskvada Qarabağla bağlı çox ciddi planlar işlənməkdədir. Uzun illərdir Qarabağ məsələsində beynəlxalq hüquq normaları da, haqq-ədalət prinsipi də bizim tərəfimizdə olsa da, Azərbaycanın işinə mane olan amil geopolitik maraqlar idi. Rusiya birmənalı hesab edirdi ki, onun Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır, Azərbaycan isə Qərblə əməkdaşlıq edir, neft müqavilələri imzalayır. Buna görə də beynəlxalq hüquq normaları da kənarda qalırdı və Rusiya öz milli maraqlarını əsas götürərək, Ermənistana həm iqtisadi, həm siyasi, o cümlədən Qarabağ məsələsində dəstək verirdi”.

 

A.Rəşidoğlu artıq Rusiyanın bölgədə milli maraqları baxımından çox ciddi dəyişikliklərin baş verdiyini söylədi. Və həmin dəyişiklikləri bu cür izah etdi: “Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşmağa və strateji əməkdaşlıq etməyə başlayıb. Rusiya üçün həm Azərbaycan, həm də Türkiyə ilə bu münasibətləri qoruyub saxlamaq çox önəmlidir. Eyni zamanda Rusiyanın Ermənistanla münasibətlərində çox ciddi problemlər müşahidə edilir. O cümlədən də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qərbpərəst siyasətçilərin indi əsas dövlət vəzifələrinə təyin olunması prosesi baş verdi. Ona görə də təkcə beynəlxalq hüquq normaları deyil, artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində mövcud durumu dəyişməyi diktə edir. Bu dəyişikliklər isə ermənilərin narahatlığına səbəb olur. Çünki nəticədə işğal olunmuş ərazilərimizin ya hamısı, ya da böyük bir hissəsinin Azərbaycana qaytarılacağı şansı yaranır. Paşinyan “Qarabağ klanı”ndan ehtiyat etdiyi üçün danışıqlar barədə açıqlama vermir”.

 

Müsahibimizin fikrincə, dünya güclərinin Cənubi Qafqazla bağlı hazırladıqları strategiyasında Ermənistanın işğalçı siyasətinə son qoyması ehtiva edilir. Hətta münaqişənin həlli ilə bağlı bəlli prinsiplər, bəlli çərçivə də var: “Amma indi hansı məsələdə irəliləyiş var, hansı tərəf hansı güzəştə getməyə razılıq verib, orası bəlli deyil. Azərbaycanın əsas tələbi münaqişənin mərhələli həll planı üzrə nizamlanması ilə bağlıdır və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalıdır. Belə bir addım atmaq yenicə hakimiyyətə gələn Paşinyan üçün mümkünsüz görünür. Həmin rayonların qaytarılması məsələsini Ermənistanda xəyanət kimi dəyərləndirənlər olmamış deyil. Yəni açıq qalan çox ciddi suallar var. Lakin həm Azərbaycan, həm də Ermənistan pozitiv fon yaratmaqda maraqlıdır. Hər iki tərəf savaşa getməyəcəyinin mesajını verir, fors-major situasiyadan qaçır. Moskva ilə Vaşinqton bəyan etdikləri kimi doğrudan da Qarabağ münaqişəsinin həllində vahid mövqedən çıxış edə bilsəydilər, onların vahid mövqeyi olsa idi münaqişə tərəflərini çox asanlıqla böyük sülh sazişinin imzalanmasına yumşaq desək, həvəsləndirə, təhrik edə, bəzi hallarda hətta təzyiq göstərib məcbur da edə bilərdilər. Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik göstərir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system