“ABŞ hərbi kontingentinin Suriyanı tərk edəcəyi haqda deyilənlər oyunbazlıqdır” – Elyar Nazarov

Oxundu: 131
“ABŞ hərbi kontingentinin Suriyanı tərk edəcəyi haqda deyilənlər oyunbazlıqdır” – Elyar Nazarov

“İraq, Əfqanıstan, Liviya və digər ölkələrdən çıxmaqla bağlı illərlə sürdürdükləri yalanlar bizim onlara inanmamağımız üçün kifayət qədər əsas verir”

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda özünün Tvitter hesabında “sonu olmayan bu absurd savaşlardan geri çəkilməyin vaxtı gəldi”, - deyə bildirib. Və bununla ölkəsinin hərbi kontingentinin Suriyadan çıxarılacağı haqda bəyanat vermiş olub. Bu isə Ağ Ev rəsmilərində birmənalı qarşılanmayıb. Əlavə olaraq ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, Trampın hərbi qüvvələri Suriyadan çıxarması qərarını sərt tənqid edib.

 

Bəs, ABŞ-ın Suriyadan tamamilə çıxacağı inandırıcıdırmı? Vaşinqton buna məcburdurmu, yoxsa doğrudanmı xarici siyasətinin yanlışlığını anlayıb? Ümumiyyətlə bu, Amerikanın, yoxsa Trampın siyasətidir? Bunun növbəti prezident seçkiləri ilə əlaqəsi varmı?

 

Məsələ ilə bağlı fikirlərini İslaminSesi-nə danışan Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Elyar Nazarovun sözlərinə görə, Trampın ABŞ hərbi kontingentinin guya Suriyadan tamamilə çıxarılacağı barədə verdiyi vədlər növbəti yalandan başqa bir şey deyil: “Məsələ bundadır ki, biz dəfələrlə nəinki Trampın, elə ondan əvvəlki prezidentlərin də bu tipli bəyanat və vədlərinin özünü doğrultmadığının şahidi olmuşuq. Sadəcə belə yalanlar Trampda aşırı dərəcədədir və onun dilində “çox yaxşı” alınır. Belə olan halda biz ABŞ rəhbərliyinin vədlərinə nədən inanmalıyıq? İraq, Əfqanıstan, Liviya və digər ölkələrdən çıxmaqla bağlı illərlə sürdürdükləri yalanlar bizim onlara inanmamağımız üçün kifayət qədər əsas verir.

 

Digər bir əsas isə Trampın məlum bəyanatından sonra adının açıqlanmasını istəməyən Pentaqon rəsmisinin “ABŞ qoşunları Suriyanın şimalından bütövlükdə deyil, yalnız Tel-Əbyad və Ras əl-Ayn yaşayış massivlərində yerləşən iki müşahidə məntəqəsindən təxliyyə olunur”, - deyə bildirməsidir. Yəni onlar həmişə belə oyun oynayıblar: biri deyir, digəri təkzib edir”.

 

E. Nazarovun fikrincə, əslində ABŞ Suriyada məğlub olduğunu yaxşı başa düşür və bu üzdən bəhanə üçün zəmin hazırlayır: “Qeyd etdiyim kimi, Birləşmiş Ştatların Suriyanı hələ ki bütövlükdə tərk etmək fikri yoxdur. Sadəcə, bir tərəfdən müttəfiqləri ondan üz döndərir, digər tərəfdən də nə vaxtsa regiondan çıxmaq məcburiyyətində qalacağını indidən göz altına alaraq belə bir jest edir. Ancaq hesab etmirəm ki, bu təkcə Trampın siyasətidir. Əsla. Ümumiyyətlə onun siyasəti yoxdur. Yaxşı biznesmen olduğu üçün ölkəni biznes qanunları ilə idarə etmək zorundadır. Amma şübhəsiz ki, son məqamlarda ətrafı onun səhvlərini düzəltməyə çalışır”.

 

AİP rəsmisi hesab etdiyini bildirdi ki, Suriyadan qoşunların çıxarılması ilə bağlı Trampın son açıqlaması gələn il keçiriləcək prezident seçkilərinə hesablanmış plan da ola bilər: “Əlbəttə, onun ikinci dəfə prezident seçiləcəyi heç də inandırıcı deyil. Bunu onun özü də anlayır. Amma hər halda istənilən yola əl atmağa məcburdur. Görünür, yollardan biri də öz övladlarının Amerikaya dəxli olmayan ərazilərdə ölməsini istəməyən ABŞ vətəndaşlarının getdikcə artan narazılığının qarşısını almaqdır. Bununla belə yenə o fikirdə qalıram ki, Amerikanın öz qoşunlarını bu ərazilərdən könüllü çəkə biləcəyi haqda deyilənlər oyunbazlıqdır. Seçkilərə isə o qədər də çox müddət qalmayıb. Tramp bu vaxtı yəqin ki, öz xalqına, konkret desək, seçicilərə “kontingentin Suriyadan çıxarılmasına hazırlıq müddəti” kimi təqdim edəcək”.     

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system