76 il əvvəl 900 günlük mühasirədən qurtulan şəhər – Adamlar var idi ki, venasını kəsib qanı ilə uşağını qidalandırırdı

Oxundu: 324
76 il əvvəl 900 günlük mühasirədən qurtulan şəhər – Adamlar var idi ki, venasını kəsib qanı ilə uşağını qidalandırırdı

Leninqrad mühasirəsi II dünya müharibəsinin tarixinə ən dəhşətli hadisə kimi həkk olunub. 900 günə yaxın mühasirədə qalan şəhər əhalisi dözülməz həyat tərzində yaşamaq uğrunda mübarizə aparıblar.

İnsanlar heç olmasa bir övladlarının yaşaması üçün digər övladlarını öldürüb “ərzaq” məhsulu əldə etmək məcburiyyətində qalıblar. Soyuqdan donmamaq üçün ailələr bütün ev əşyalarını sobalara atıblar. Aclıqdan küçələrdə yıxılıb ölən insanları müşahidə etmək ən adi hala çevrilib. Dövrün ən peşəkar qələm sahibləri bu hadisələri yazmağa, ifadə etməyə çətinlik çəkiblər.

 

Yazıçı Daniil Qranin qələmə aldığı “Mühasirəli kitab”da Leninqradın mühasirəsi ilə bağlı dəhşət doğuran faktları belə açıqlayıb:

 

“Heç vaxt insanın ağlına gəlməyən hadisələrlə hər an rastlaşmaq mümkün idi. Bir uşağının yaşaması üçün ikinci uşağının ətini ona yedizdirən adamlar var idi. Adamlar var idi ki, venasını kəsib qanı ilə uşağını qidalandırırdı. Aclıqdan südü kəsilmiş analar var idi ki, döşünü kəsib uşağına qan əmizdirirdi...”

 

 

Amma bu dəhşətli hadisələrin içində gün ərzində 125 qram çörəklə yaşamağa alışan leninqradlılar qələbəyə inanıblar, ümidlərini kəsməyiblər.

 

Əslində Leninqradı yerlə yeksan etmək, şəhəri xəritədən silmək Hitlerin planında cari məsələlərdən biri olub və bunun üçün xüsusi əməliyyat planı da hazırlanıb. Amma Vermaxtın əməliyyat planı ilə bağlı təhlillərindən şəhərin tam məhv edilməsi üçün böyük məbləğlərin sərf olunması üzə çıxanda, qərara alınıb ki, şəhəri mühasirədə saxlamaqla da heç bir vəsait xərcləmədən Leninqradı ələ keçirmək olar. Beləliklə də 3 milyon əhalisi olan Leninqrad mühasirəyə alınıb, şəhərlə yalnız bir əlaqə yolu olub, Ladoqa gölü vasitəsilə...

 

27 yanvar tarixi Leninqradın mühasirədən tam azad olunması günüdür. 76 il öncə yanvarın 27-də şəhərin mühasirəsi yarılmaqla II dünya müharibəsinin gedişində növbəti mərhələ başlayıb.

 

Mühasirə zamanı 3 milyonluq şəhər əhalisinin təxminən yarısı həlak olub. Həlak olanların 97 faizi aclıqdan və soyuqdan, 3 faizi isə mühasirənin ilk günlərində şəhərin bombalanması zamanı ölüb.

 

 

Mühasirənin ilk ilində, 1941-ci ilin qışında temperatur mənfi 32 dərəcə olub ki, bu da soyuqdan ölüm hallarının sayını kütləvi şəkildə artırıb.

 

1943-cü ildə Leninqrada 4 vaqon pişik gətirilib. Məqsəd ehtiyatda olan ərzaq məhsullarını məhv edən siçovullara qarşı mübarizə olub.

 

Sanitar şəraitin dözülməz vəziyyətdə olmasına baxmayaraq mühasirə illərində həkimlərin və tibb işçilərinin böyük səyi nəticəsində şəhərdə heç bir epidemiya, geniş yayılan xəstəlik olmayıb.

 

900 gün ərzində Leninqradda bütün elm müəssisələri fəaliyyətini davam etdirib.

 

1942-ci ilin yanvarında şəhərdə kimsəsiz uşaqlar üçün xüsusi evlər yaradılıb. Statistik göstəricilərə görə, mühasirənin başlandığı gündən, 8 sentyabr 1941-ci ildən 15 yanvar 1942-ci ilə qədər, təkcə 4 ay ərzində 30 min uşaq hər iki valideynini itirib.

 

Mühasirə illərində Leninqradın mədəniyyət və incəsənət xadimləri fəaliyyətlərini bir gün də olsun dayandırmayıblar. Aclıqdan səhnədə yıxılan aktyorların sayı da az olmayıb.

 

 

Mühasirə illərindəki ən dəhşətli faktlardan biri adam əti yeyənlərin sayının artması olub. Əgər 1941-ci ilin dekabrında adam əti yeyənlərin sayı 26 idisə, bu rəqəm 1942-ci ilin yanvarında 336 nəfər, həmin ilin fevral ayında isə 494 nəfərə çatıb. Bu hələ statistikada göstərilən, bununla bağlı həbs olunanların sayıdır. Bu cür hadisələrlə bağlı arxivlərdə çoxsaylı faktlar var. Hətta belə faktlar da var ki, aclığa dözməyən kişilər qadını sevgi ilə özünə çəlb edərək sonradan onun ətinə “sahib” olmaq üçün onları öldürməkdən belə çəkinməyiblər.

 

Ötən illərdə olduğu kimi, bu il də şəhər sakinləri 27 yanvar tarixini böyük qürur hissi ilə qeyd edirlər, doğma şəhərlərinə olan sədaqətlərini, sevgilərini ifadə etmək üçün böyük tədbirlər həyata keçirirlər.

 

 

Şəhərin mərkəzi küçələrində, prospektlərində plakatlar, videçarxlar hər bir kəsin diqqətini cəlb edir. Xüsusi turlar təşkil olunub ki, bu turlarda turistlər mühasirə günlərini əks etdirən səhnələrin canlı şahidləri olurlar.

 

Yerli sakinlər Leninqradın mühasirəsini müharibə hadisəsi kimi yox, insanlığa qarşı olan cinayət haidsəsi kimi təqdim edirlər. Ara-sıra həmsöhbət olduğum leninqradlılar qeyd edirlər ki, şəhər sakinləri bu bəşəri cinayətə öz sevgiləri ilə, doğma şəhrlərinə olan bağlılıqları ilə tab gətiriblər.

 

Bəli, bu həqiqətdir, yurdunu qorumaq, ona sahib olmaq üçün gərək öncə torpağna bağlılığın və sevgin olsun. Bax elə bu baxımdan da leninqradlılara qibtə etmək olar.

 

Qeyd edək ki, Leninqradın mühasirəsi illərində azərbaycanlılar da fədakarlıq göstəriblər və onlardan bir çoxu (Hüsenbala Əliyev, H. Bağırov, M. Hüseynov, E. Səmədov, C. Əmirov və başqaları) “Leninqradın müdafiəsinə görə” medalı ilə təltif olunublar. Leninqradlılar həmvətənlərimizin bu xidmətlərini də unutmurlar və onları dərin ehtiramla yad edirlər.

 

 

/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system