NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 1111
7 illik həsrətə son qoyan gözlənilməz dəvət - İran İslam İnqilabının 39-cu ildönümü

7 illik həsrətə son qoyan gözlənilməz dəvət - İran İslam İnqilabının 39-cu ildönümü

Ülviyyə Tahir İslaminSesi üçün.

İran səfirliyindən mənə dəvətnamə gələndə inanmağım gəlmədi. Əslində nə dəvətnamə, nə də göndərənlər heyrətimin səbəbi deyildi. Səbəb 7 il sonra yenidən reallaşa biləcək bir həsrətin sona çatması idi.

 

Zaman bizim uydurduğumuz vaxt ölçüsüdür. Biz ona il, ay, saat deyə adlar qoyaraq özümüz üçün tənzimləyərik. Amma əsl zamanın ölçüsü onun sahibinə aiddir. Əlimi günlük edib bir zamanlar mənə üfüq olan zamandan geriyə-7 il əvvələ boylanıram. 2011-ci ildə İrana- onun görüşünə getmək üçün aylarla pul toplamışdım. Sadəcə olaraq o niyyətlə yığdığm pulla ora getmək istəmişdim.  Onda tanımırdım. Gedəcəyim ünvan sadəcə olaraq hər kəsin getdiyi və mənim də sınaqdan keçirmək istədiyim yolçuluqdan başqa bir şey deyildi.

 

Son illər özümü Hessenin Siddharthası kimi hiss edirəm. Düşünürəm ki, axtardığım insan deyil, anlamdır. Bu anlamın arxasında əvvəllər suallar, saysız-hesabsız niyələr məni narahat edərdi. Niyələr, nə üçünlər dolu kimi üstümə yağarkən mən özümlə aramda açılan uçurumda can verirdim. Axı nəyi axtarırdım?

 

2011-ci ildə məhərrəmlik ayında hönkürtü vurub ağlayan qadına baxaraq düşünmüşdüm: 1400 il öncə ölmüş birilərinə ağlayacaq qədər hansı hislərə malik olmaq lazımdır? Sonra da özümə təsəlli vermişdim ki, ola bilsin dərdi var. Lakin dərdlərin fövqündə duran və dərdlərin ayağı altında çeynənən insanın fərqi mənə gec çatdı.

 

2011-ci il səyahətində mən adi yolçu idim. Kəşf etməyə və niyələrinin ardınca yollanan biri..

2018-ci ildə ürəyi şiddətli eşqlə çırpınan  biri...

Əslində hər iki səyahət bir ilk idi. Bir çayda iki dəfə yuyunmaq olmaz deyiblər. Eyni ilə hər iki səyahətdəki Ülviyyə fərqli insanlar idi.

 

Səhər erkən  Bakıdan çıxdıq. Tehranda İran İslam İnqilabının 39-cu ildönümündə iştirak etdik. İnsan qələbəliyinin içində kimlər yox idi ki... Balaca uşaqlar, yaşlı insanlar, gənc cütlüklər və müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri.

Bütün bu qələbəliyə qarışmazdan öncə biz Tehranda bizim ifadə elə desək icra hakimiyyəti başçısının otağında oturduq və oranın eyvanından bu nəhəng mənzərəni izlədik. Möhtəşəm hislər idi. Lakin mənim könlüm qəfəsdəki quş kimi hey onun həsrəti ilə çırpınırdı.

 

Bir dəfə hər il Ərbəin yürüşlərinə qatılan bir gənc qızdan bunun səbəbini soruşdum. Sual etdim ki,  hər il niyə gedirsən ki, bəyəm hər il getdiyin və gördüyün məkanın təkrarı sənə nə verir ki?

 

Gözləri dolmuş halda dedi ki, bu elə bir eşqdir ki, sənə izah edə bilmərəm. Hər il cəmi bircə çanta ilə dünyadan qoparaq zəvvarlığa gedirəm və bir zamanlar insanların ayaqlarına zəncir vurularaq, ac-susuz keçdiyi yolları keçirəm. Heç olmasa o anlarda onları duymaq istəyirəm . Duymaq istəyirəm ki, insan Allaha eşqinin mərtəbəsinə necə ucala bilər ki,  özündən də keçər...

 

Zəvvar olmaq... Niyəsə bu sözü dəfələrlə təkrarladıqca sözün bütün mahiyyəti mənə çatır: Zəvvar...

 

Bəli, illər əslində bizim özümüzü kəşf etmək üçün verilmiş bir fürsətdən başqa bir şey deyil. Səyahət hey davam edir. Qəbir evinə kimi öyrən demiş peygəmbərimiz. Nəyi öyrənməliyik? Bütün biliklər əslində dönüb dolaşır yenə öz içimizə -öz suallarımıza cavaba yönəlirsə...

 

Boz Tehranın səmasının altında  səyahət hələ bitməmişdi.  Yürüş bitdi, otelə qayıtdlıq. Sonra İslam inqilabının banisi  Ruhulla Musəvi Xomeyninin son günlərini keçirdiyi evə yollandıq. Tehranın dağlıq hissəsində məscidi də içində inşa olunmuş böyük və böyüklüyü ilə tamamilə sadə bir məkan. Onun ağ-qara fotoşəkilləri  və dünyanın bir çox siyasi liderləri ilə görüşdüyü balaca otaq...

 

Allaha gedən yollar çoxdu, biri də siyasətə bulaşmadan rəhbərlikdir. Harun ər Rəşid bir gün sarayda olanda damda səs-küyün gəldiyini iddia edər. Sarayda bunu kimə desə də ona inanmırlar. Onda özü qalxıb sarayın damına gedir. Orada bir adamın vurnuxduğunu görür. Ondan bu damda nə axtardığını sual edir. Adam cavab verir ki, dəvəmi axtarıram. Onda Harun təəccüblə sarayın damında dəvənin nə gəzdiyini deyir.  Adam cavabında bildirir ki, bəs pərqu yastıqlarda Allah axtarmaq məntiqlidir? Bu sadə və yerə döşənmiş adi döşəklər yadıma bu rəvayəti saldı...

 

Daha sonra İran inqilabına qədər Dövlət Təhlükəsizlik orqanının həbsxanası olan, hazırda İbrət muzeyi adlanan məkana baş çəkdik. Girişə “Azadlıq Havayı Deyil!” yazılmış lövhə vurulmuşdu.

 

 O həbsxanada təsvir olunan dəhşətləri gördükdə ürəyimdən qara qanlar axırdı. Bizim 1937-ci ilin dəhşətlərini əks etdirən bir muzeyimiz belə yoxdur. Halbuki o illər milli ziyalılarımızın məhv edilməsi kimi qan yaddaşımızdır.

Tehran’s Ebrat Museum: A reconstruction of pre-Revolution cruelties

Muzeydə çox qala bilmədim. Nəfəs almaq üçün havaya çıxdım. Orada da başqa bir dəhşət var idi. O həbsxanada əziyyət çəkmiş insanların adları hamısı divara həkk olunmuşdu. Bir azərbaycanlı xanım bu həbsxanada 6 ay yatdığnı söyləyəndə daha çox bağrım yarıldı.

Tehran’s Ebrat Museum: A reconstruction of pre-Revolution cruelties

 

 Axşam Tehran dəmiryolu stansiyasından Məşhədə yollandıq.  Nəhayət yol qısalır vüsal yaxınlaşırdı. Ötən bu 7 ili hesabat kimi düşünmüşdüm. Nə hacətin varsa, imamdan  dilə dedilər. Hacətim? 7 il öncə camaat namazında qəfil duyduğum möhtəşəm bir hislə gözlərimdən yaş gəlmişdi. İndi isə hərəmə yaxınlaşandan göz yaşlarına qərq olmuşdum. Nə hacət varsa dilə dedilər. Nə hacət?!... 7 illik imtahanın cavabına gəlmişdim.

 

Bu 7 ildə nəhəng dəyişiklərdən sonra sənə yenidən üz tutmaq qismətini yaşamaq...

Yaşamaq... Həyat bizə verilmiş fürsətdi...Sadəcə fürsət...

 

Cəmkəranın səmasında batan günəşin son şüaları ətrafı əsrarəngiz formada işıqlandıranda özümə bir daha sual etdim: Yenə nə qədər yolum var?

Bəzən kiçik həqiqətləri dərk etmək üçün nə qədər yol qət edirsən... Eyni ilə Siddhartha kimi... Suda öz yaşlanmış görkəmini görərək öz oğlunun ardınca yollanmaq istəyəndə öz atasını necə tərk etməsinin həqiqətinin acılığını duymaq üçün 30 il vaxta ehtiyacı olur.

 

Səfər başa çatdı. Bakıya dönən zaman mən hər il Ərbəinə gedən gənc qızın halındaydım. Sanki ürəyimi qoyub gəlmişdim. Nəhəng bir eşq məni özünə -Məşhədə çəkirdi. İllərlə yağmağa həsrət qalmış bulud kimi boşalmaq və ona –Allaha daha yaxın olmaq eşqi ilə...

Allah yenə nəsib etsin...

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system