30 il gizli saxlanan hadisə: Baykonurda sınaq qəzası – Xruşova məruzə etməyə tələsən marşalın faciəsi

Oxundu: 184
30 il gizli saxlanan hadisə: Baykonurda sınaq qəzası – Xruşova məruzə etməyə tələsən marşalın faciəsi

SSRİ-nin 70 illik tarixində bir çox hadisələr baş verib ki, onlar uzun illər ictimaiyyətdən gizli saxlanılıb. Mərkəzi Komitə, xüsusilə də onun ideologiya aparatı və dövlət təhlükəsizliyi orqanları baş vermiş hadisələri elə yerindəcə “peşəkarlıqla” qapayıblar. Repressiyalar, edamlar, etiraz mitinqləri, tətillər, qiyamlar, böyük faciələrə səbəb olan qəzalar və s. xalqdan gizli saxlanılıb.

Əslində sovet liderləri bu hadisələri ictimai qınağa, yeni etiraz dalğalarının yaranma ehtimalına görə yox, bu hadisələr haqqında məlumatların xarici ölkələrə sızmaması üçün gizlədiblər. Birincilər üçün ölkədə baş verə biləcək arzu olunmayan hadisəni “söndürmək” asan məsələ sayılıb. Ən azı ona görə ki, son məqamda Siyasi Büroda “qoşun yeridilsin” təklifinə hamı razılıq verib. Amma Kreml xarici kütləvi informasiya vasitələrini susdura bilməyib. Və bu da öz növbəsində beynəlxalq aləmdə SSRİ-nin siyasi imicinə xələl gətirib.

 

Bu cür gizli qalan hadisələrdən biri də Baykonurda baş verib. Baykonurda baş verən partlayış zamanı 78 nəfər (bəzi mənbələrdə 126 nəfər) yanıb. Onların cəsədləri tanınmaz şəklə düşüb. Bu hadisə düz 30 il gizli saxlanılıb.

 

23 oktyabr 1960-cı ildə Baykonurun 41-ci start meydançasında yeni məxfi raketin -R-16-nın sınağı üçün son işlər aparılıb. Məxfi sayılan sınaq əməliyyatına SSRİ-nin ilk raket qoşunları baş komandanı, artilleriya marşalı Mitrofan Nedelin rəhbərlik edib.

 

 

Son mərhələdə yeni yanacaq növü ilə istifadə ediləcək raketdə azot turşusunun axıntısı aşkar edilib. Yaranmış problemi tam aradan qaldırmaq üçün uzun müddət tələb olunub. Marşal Nedelin yaranmış nasazlığı başqa yolla həll etməyi qərara alıb və bəlkə də buna məcbur olub. Belə ki, onun qarşısına oktybar inqilabının ildönümü günü, noyabrın 7-də Nikita Xruşova uğurlu sınaq haqqında məruzə etməsi tapşırığı verilib. Nikita Xruşov və Leonid İliç Brejnev şəxsən özləri mütəmadi olaraq sınaq meydançası ilə birbaşa əlaqə saxlayıblar.

 

Mitrofan Nedelin belə qənaətə gəlib ki, sızıntı olan yerləri qaynaqla yamamaqla nasazlığı aradan qaldırmaq mümkündür və düşündüyü kimi də mütəxəssislərə göstəriş verib. Təbii ki, bu variant çox vaxt tələb etməyib. Qısa müddət ərzində marşalın göstərişi yerinə yetirilib və belə qəbul olunub ki, raket sınağa hazırdır.

 

 

Oktyabrın 24-də uçuşa yarım saat qalmış raketin mühərrik hissəsində partlayış baş verib və bu da güclü yanğına səbəb olub. 41-ci start meydançasında olanların hamısı həlak olub. Onların meyitləri tanınmaz hala düşüb.

 

Marşal Nedelinin meyidini Sovet İttifaqı Qəhrəmanı ulduzuna və marşal rütbəsinə görə tanıyıblar. Baş konstruktor Konoplyov isə boyuna görə tanınıb. O, sınaq meydançasında olan ən hündürboylu adam olub.

 

Partlayış zamanı bəxti gətirənlər də olub. Belə ki, digər konstruktor Yanqel və dövlət komissiyasının üzvü, milliyətcə erməni olan Andronik İosifyan partlayışdan bir neçə dəqiqə əvvəl siqaret çəkmək üçün kənara çəkiliblər.

 

Hadisə ilə bağlı Kremlə məlumatı Yanqel verib. O, məxfi rabitə vasitəsi ilə Nikita Xruşova telefonoqramma göndərib:
“Saat 18.45-də sınağın həyata keçirilməsinə 30-dəqiqə qalmış partlayış olub və güclü yanğın baş verib. Baş vermiş hadisə zamanı yüzdən artıq ölən və yaralananlar var. O, cümlədən artilleriya marşalı Mitrofan Nedelin də onların arasındadır. Hazırda onun axtarışı aparılır.

 

Xahiş edirik təcili olaraq xüsusi tibbi personalın və xilasedicilərin hadisə yerinə gəlməsini təmin edəsiniz...”
Elə həmin gün Baykonura xüsusi tibb, yanğınsöndürmə və xilasedicilər briqadaları göndərilib.

 

 

Oktyabrın 25-də gecə yaradılmış hökumət komissiyası hadisə yerində olub. Komissiyaya Brejnev başçılıq edib.
Komissiyanın ilk iclasında Brejnev gərginliyi nəzərə alaraq bildirib ki, hadisə ilə bağlı heç kim cəzalandırılmayacaq.

 

Konstruktor Vasili Budnik çox-çox sonralar komissiyanın işi haqqında fikirlərini belə bölüşüb:
“Komissiya ilk yığıncağını gecədən xeyli keçmiş keçirdi. Komissiyaya rəhbərliyi Brejnev edirdi, Andrey Qreçko və Dmitri Ustinov da komisiyyanın üzvləri idi. Brejnev bildirdi ki, təhlükəsizlik qaydaları ciddi pozulub və onları pozanlar da ciddi xəsarət alıblar. Bu vəziyyətdə onları cinayət məsuliyyətinə cəlb etmək, cəzalandırmaq humanist addım sayılmaz. Odur ki, biz heç kimi cəzalandırmayacağıq. Onlar özləri-özlərini cəzalandırıblar...”

 

 

Baş vermiş hadisənin məxfi saxlanılması DTK-ya həvalə olunub. Marşal Nedelinin aviaqəzada həlak olması bildirilib. Digərləri haqqında isə heç bir məlumat verilməyib. DTK əməkdaşları onların ailələri ilə xüsusi “söhbət”lər aparıblar.

 

Mitrofan Nedelinin dəfni oktyabrın 27-də Moskvada keçirilib. Onun onsuz da yanmış nəşi yenidən yandırılaraq külü Kreml divarlarına yerləşdirilib.

 

Yalnız 1989-cu ildə Baykonurda baş vermiş hadisələr haqqında geniş məlumat yayılıb və br neçə məkanda, o cümlədən Baykonurda həlak olanların xatirəsinə abidələr ucaldılıb./Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system